Azərbaycan Respublikasının vətəndaşlığına qəbul

 

Azərbaycan Respublikasının vətəndaşlığına qəbulun əsasları

I qrup

Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan,qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli Qanununa müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər.

Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə verildiyi gündən hesablanır.

Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti o halda fasiləsiz hesab edilir ki, şəxs il ərzində Azərbaycan Respublikasının ərazisini üç aydan çox olmayan müddətə tərk etmiş olsun.

II qrup

Aşağıdakı hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşamaq müddəti nəzərə alınmadan Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilərlər:

  1. şəxsin elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olduqda – belə şəxslər üçün onu Azərbaycan Respublikasına dəvət edən dövlət orqanının əsaslandırılmış vəsatəti tələb olunur.
  2. şəxs Azərbaycan Respublikası üçün xüsusi maraq kəsb etdikdə və digər müstəsna hallarda – Belə ki, şəxsin Azərbaycan Respublikasının qarşısında xüsusi xidmətləri olduqda o, yuxarıda göstərilən şərtlər nəzərə alınmadan Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Bu hallarda əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsinin məqsədəuyğunluğu müvafiq icra hakimiyyəti orqanı tərəfindən əsaslandırılmalıdır.

 

Azərbaycan Respublikasının vətəndaşlığına qəbul haqqında vəsatətin rədd edildiyi hallar

Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi barədə vəsatət qaldıran şəxs Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş dövlət quruluşunu zorakılıqla dəyişdirməyə, Azərbaycan Respublikasının ərazi bütövlüyünü pozmağa çağırışlar edərsə, dövlət təhlükəsizliyinə, ictimai asayişin qorunmasına, əhalinin sağlamlığına və ya mənəviyyatına zərər vuran fəaliyyət göstərərsə, irqi, dini və milli müstəsnalığı təbliğ edərsə, terrorçuluq fəaliyyəti ilə əlaqəsi olarsa, vətəndaşlığa qəbul haqqında vəsatəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyası tərəfindən rədd edilir.

Vətəndaşlıq məsələləri ilə əlaqədar vəsatəti rədd edilmiş şəxs vəsatətin rədd edilməsinə səbəb olan halları aradan qaldırdıqdan sonra təkrar müraciət edə bilər.

Azərbaycan Respublikasının vətəndaşlığına qəbul üçün tələb olunan sənədlər

  1. Azərbaycan Respublikası Prezidentinin adına yazılmış Ərizə-anket
  2. 4 ədəd 3x4 sm. ölçüdə fotoşəkil;
  3. yaşayış yerindən ailə tərkibi haqqında arayış;
  4. dövlət rüsumunun ödənilməsi haqqında sənəd;
  5. Azərbaycan Respublikasında son beş il ərzində yaşaması barədə yaşayış yerindən arayış;
  6. Azərbaycan Respublikasının dövlət dilini bilməsi barədə Təhsil Nazirliyindən arayış;
  7. Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin surəti;
  8. şəxsiyyəti təsdiq edən sənədin surəti;
  9. qanuni gəlir mənbəyi olduğunu təsdiq edən sənəd (aşağıdakı sənədlərdən biri: iş yerindən arayış, pensiya, təqaüd və ya ünvanlı dövlət sosial yardım alınması haqqında arayış, fiziki şəxsin gəlirləri haqqında vergi orqanının arayışı, aliment alınması haqqında arayış, himayəsində olduğu şəxsin gəliri haqqında arayış, vərəsəlik şəhadətnaməsi və s.) ;
  10. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olan şəxslər üçün – onu Azərbaycan Respublikasına dəvət edən dövlət orqanının əsaslandırılmış vəsatəti.

Qeyd 1: Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək istəyən şəxs bununla bağlı qanunvericiliklə müəyyən olunmuş qaydada vəsatət qaldırarkən Azərbaycan Respublikası ilə ikili vətəndaşlığın qarşısının alınması haqqında beynəlxalq müqaviləsi olan dövlətin vətəndaşı olarsa, belə dövlətin səlahiyyətli orqanının onun Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək niyyətinə olan münasibətini təsdiq edən sənəd təqdim etməlidir. Əgər belə sənədin təqdim edilməsi müraciət edən şəxsdən asılı olmayan səbəblər üzündən mümkün deyilsə, şəxs Azərbaycan Respublikasının vətəndaşlığını qəbul edilmək barədə ərizə-anketində bunu mütləq göstərməlidir.

Qeyd 2: Şəxsin ərizə-anketində göstərilən məlumatların həqiqiliyi, habelə şəxsin Azərbaycan Respublikasının ərazisində son 5 ili fasiləsiz olaraq daimi yaşaması Dövlət Miqrasiya Xidməti tərəfindən yoxlanılır.

Qeyd 3: savadsızlıq və fiziki qüsurlarına görə müraciət edən şəxs tərəfindən sənədlərin imzalanması mümkün olmadığı halda ərizəyə bu barədə izahlı qeyd yazılmalı və sənədləşməni aparan orqan həmin faktı təsdiq etməlidir.

Diqqət! Şəxs Azərbaycan Respublikası vətəndaşlığını əldə edərkən vətəndaşlığı almaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırmışsa və ya saxta sənəd təqdim etmişdirsə, əldə etdiyi Azərbaycan Respublikası vətəndaşlığını itirir.

Dövlət rüsumu

Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi barədə vəsatət qaldıran şəxs “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının 2001-ci il 4 dekabr tarixli, 223-IIQ nömrəli Qanununun 14.14.-cü maddəsinə əsasən, 110 manat məbləğində dövlət rüsumu ödəyir.

Dövlət rüsumunun ödənilməsindən azad olma

“Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının 2001-ci il 4 dekabr tarixli, 223-IIQ nömrəli Qanununun 15-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilməsi barədə vəsatət qaldıran xaricdə yaşayan azərbaycanlılar dövlət rüsumunu ödəməkdən azad olunurlar.

Azərbaycan Respublikası vətəndaşlığına qəbul haqqında vəsatətə baxan orqanlar

Azərbaycan Respublikası vətəndaşlığını əldə etmək istəyən şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edir. Azərbaycan Respublikası vətəndaşlığına qəbulu haqqında qərar Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə müvafiq surətdə Azərbaycan Respublikası Prezidenti tərəfindən qəbul olunur.

Belə ki, Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının əsaslandırılmış rəylərinə baxılaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyanın qəbul etdiyi qərar əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən şəxsin Azərbaycan Respublikası vətəndaşlığına qəbulu barəsində müvafiq sərəncam verilir.

Vətəndaşlıq məsələləri üzrə qəbul olunan qərarların icrası üzərində nəzarəti Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı həyata keçirir.

Azərbaycan Respublikası vətəndaşlığına qəbul haqqında vəsatətə baxılma müddəti və nəticələri

Vətəndaşlıq məsələləri ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş, yəni yuxarıda sadalanan sənədlər fiziki şəxslər tərəfindən əlaqədar dövlət orqanına təqdim ediləndən sonra ərizə-anket icraata qəbul edilmiş sayılır və baxılma müddəti həmin vaxtdan başlayır. Vətəndaşlıqla bağlı qaldırılmış vəsatətlərə əlaqədar dövlət orqanlarının hər biri tərəfindən 1 ay (ümumilikdə 6 ay) müddətində baxılır. Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi ilə bağlı verilmiş müraciətlərə baxılmasının nəticələri barəsində vəsatət qaldıran şəxslərə Dövlət Miqrasiya Xidməti tərəfindən yazılı məlumat verilir.

Eyni zamanda, Daxili İşlər Nazirliyi vətəndaşlığı təsdiq edən sənədləri verən orqanları (vəzifəli şəxsləri) müvafiq tədbirlər görülməsi üçün xəbərdar edir.

Müstəsna hallar

1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan və 1999-cu il sentyabrın 30-dək Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək üçün ərizə ilə müraciət etmiş şəxslərə yuxarıdakı bəndlərində nəzərdə tutulmuş vətəndaşlığa qəbul edilmə qaydaları şamil edilmir. Həmin şəxslər ərizə ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət edirlər. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

  • yaşayış yerindən arayış;
  • şəxsin vətəndaşlığını təsdiq edən sənəd.
  • Ərizə ilə müraciət etmiş şəxslərə Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd verilir.

Azərbaycan Respublikası vətəndaşının andı

Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş və ya Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilmiş və 14 yaşı tamam olmuş şəxs Azərbaycan Respublikasının dövlət dilində Azərbaycan Respublikasına sadiq olacağı barədə aşağıdakı məzmunda and içir:

“Mən, (Soyadı, Adı, Atasının adı) Azərbaycan Respublikasının vətəndaşı olaraq, hər hansı xarici dövlət qarşısında onun vətəndaşlığı ilə bağlı öhdəliklərimin olmadığına, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabe olacağıma, Azərbaycan dövlətinə sədaqətlə xidmət edəcəyimə, onun müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qoruyacağıma, Azərbaycan xalqının adət-ənənələrinə və mədəniyyətinə hörmət edəcəyimə and içirəm.”.

Andiçmə təntənəli şəraitdə Azərbaycan Respublikasının Dövlət bayrağı önündə Azərbaycan Respublikasının Konstitusiyasına əl basmaqla həyata keçirilir.

And içən Azərbaycan Respublikasının vətəndaşı andın mətnini imzalayır və bu sənəd Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində saxlanılır.

TELEFON ZƏNGLƏRİ

İş günləri saat 14.00-dan 17.00-dək qəbul olunur

QƏBUL VAXTI

Bazar ertəsi, Çərşənbə və Cümə günləri saat 10.00-dan 12.00-dək.

KONSULLUQ DAİRƏSİ

Səfirliyin Konsulluq Şöbəsi aşağıdakı ştatlar istisna olmaqla bütün ABŞ ştatları üzrə konsulluq xidmətləri göstərir: Alaska, Arizona, California, Colorado, Hawaii, Idaho, Montana, Nevada, New Mexico, Oregon, Utah, Washington, and Wyoming. Qeyd olunan ştatlar üzrə konsulluq xidmətlərini Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu həyata keçirir.

www.azconsulatela.org