Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi

Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi əsasları

Azərbaycan Respublikasının vətəndaşlığına aşağıdakı hallarda xitam verilir:

  1. Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq nəticəsində;
  2. Azərbaycan Respublikasının vətəndaşlığını itirmək nəticəsində;
    şəxs Azərbaycan Respublikası vətəndaşlığını əldə edərkən vətəndaşlığı almaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırmışsa və ya saxta sənəd təqdim etmişsə, əldə etdiyi Azərbaycan Respublikası vətəndaşlığını itirir.
  3. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda:
    Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli Qanunu ilə Azərbaycan Respublikasının beynəlxalq müqavilələri arasında ziddiyyət yaranarsa, həmin müqavilələr tətbiq edilir.
  4. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli Qanununda nəzərdə tutulmuş digər əsaslar olduqda.

Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi haqqında qərar Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə müvafiq surətdə Azərbaycan Respublikası Prezidenti tərəfindən qəbul olunur.

Nikah bağlandıqda və ya pozulduqda vətəndaşlığın saxlanması

Azərbaycan Respublikasının vətəndaşı olan kişi və ya qadın əcnəbi ilə və ya vətəndaşlığı olmayan şəxslə nikah bağlaması və ya nikahı pozması ər və arvadın vətəndaşlığının dəyişməsinə səbəb olmur.

Ərin (arvadın) vətəndaşlığının dəyişməsi arvadın (ərin) vətəndaşlığının dəyişməsinə səbəb olmur.