Etibarlıq müddəti bitmiş, səhifələri dolmuş pasportun yenilənməsi

Etibarlıq müddəti bitmiş, səhifələri dolmuş pasportun Səfirlik vasitəsilə əvəz edilməsi üçün aşağıdakı sənədlər tələb olunur:

  1. Vətəndaşın şəxsiyyət vəsiqəsi (və ya 15 yaşı tamam olmamış vətəndaşın (FİN – fərdi identifikasiya nömrəsi ilə birlikdə doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı)
  2. Etibarlıq müddəti bitmiş və ya səhifələri dolmuş pasportun əsli
  3. Ərizə - Anket
  4. 18 yaşı tamam olmamış şəxslər üçün valideynlərin notariusda təsdiq edilmiş razılıq ərizəsi
  5. 18 yaşı tamam olmamış və valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürəninin, himayəçisinin və ya qəyyumunun hüquqlarını təsdiq edən sənəd.
  6. Xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşının uçot kartoçkası
  7. Hərbi bilet (18 – 35 yaşınadək kişilər üçün)
  8. "Green Card". “Green Card” sənədi olmadığı təqdirdə, ABŞ ərazisində qanuni yaşamasını təsdiq edən sənədin notariusda təsdiq olunmuş surəti
  9. Dövlət rüsumunun ödənilməsi barədə sənəd ətraflı bax

Vətəndaş yuxarıda sadalanan sənədlərlə və şəxsiyyət vəsiqəsi ilə birlikdə şəxsən Səfirliyə gəlməlidir. Bu məqsədlə vətəndaşlardan öncədən Səfirliyin konsulluq şöbəsi ilə əlaqə saxlayaraq görüş saatı (appointment) təyin etmələri xahiş olunur.

Vətəndaşın əl-barmaq izlərinin götürülməsi, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi Səfirliyin konsulluq şöbəsində həyata keçirilir.

Qeyd: 15 yaşı tamam olmamış vətəndaşlardan əl-barmaq izləri götürülmür.

Vətəndaşdan biometrik pasportun tələblərinə uyğun üz təsvirinin foto şəkli, əl-barmaq izləri və elektron imzası alındıqdan sonra, sənədlər elektron formada Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə göndərilir.

Pasport Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində rəsmiləşdirildikdən sonra Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə Səfirliyə göndərilir.

Bu səbəbdən pasportun rəsmiləşdirilməsi adətən 2-3 ay müddət tələb edir.