İlk dəfə pasportun alınması - 18 yaşı tamam olmamış şəxslər üçün

18 yaşına çatmamış Azərbaycan Respublikası vətəndaşları üçün ilk dəfə pasportun rəsmiləşdirilməsi üçün aşağıdakı sənədlər tələb olunur:

  1. Vətəndaşın şəxsiyyət vəsiqəsi (və ya 15 yaşı tamam olmamış vətəndaşın (FİN – fərdi identifikasiya nömrəsi ilə birlikdə doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı)
  2. 18 yaşı tamam olmamış vətəndaşa ümumvətəndaş pasportu verilməsi haqqında ərizə-anket
  3. Qan qrupu haqqında tibbi arayış (uşağın şəxsiyyət vəsiqəsi və fərdi identifikasiya kartı təqdim edildikdə bu sənəd tələb olunmur)
  4. Valideynlərin notariusda təsdiq edilmiş razılıq ərizəsi
  5. Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürəninin, himayəçisinin və ya qəyyumunun hüquqlarını təsdiq edən sənəd.
  6. Xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşının uçot kartoçkası
  7. "Green Card". “Green Card” sənədi olmadığı təqdirdə, ABŞ ərazisində qanuni yaşamasını təsdiq edən sənədin notariusda təsdiq olunmuş surəti
  8. Dövlət rüsumunun ödənilməsi barədə sənəd ətraflı bax

Vətəndaş yuxarıda sədalanan sənədlərlə və şəxsiyyət vəsiqəsi ilə birlikdə şəxsən Səfirliyə gəlməlidir. Bu məqsədlə vətəndaşlardan öncədən Səfirliyin konsulluq şöbəsi ilə əlaqə saxlayaraq görüş saatı (appointment) təyin etmələri xahiş olunur.

Vətəndaşın əl-barmaq izlərinin götürülməsi, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi Səfirliyin konsulluq şöbəsində həyata keçirilir.

Qeyd: 15 yaşı tamam olmamış vətəndaşlardan əl-barmaq izləri götürülmür.

Vətəndaşdan biometrik pasportun tələblərinə uyğun üz təsvirinin foto şəkli, əl-barmaq izləri və elektron imzası alındıqdan sonra, sənədlər elektron formada Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə göndərilir.

Pasport Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində rəsmiləşdirildikdən sonra Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə Səfirliyə göndərilir.

Bu səbəbdən pasportun rəsmiləşdirilməsi adətən 2-3 ay müddət tələb edir.