Səfirin müraciəti

Əziz həmvətənlər,
Hörmətli dostlar,

Sizləri Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin internet səhifəsində salamlayıram.

Azərbaycan qədim İpək Yolu üzərində unikal bir coğrafi məkanda, mədəniyyətlərin və sivilizasiyaların kəsişməsində təşəkkül tapmış və öz rəngarəngliyi ilə hər birimizin fəxr edə biləcəyi bir ev, bir yuvadır. Başıqarlı Qafqaz dağlarından Lənkəranın subtropik meşələrinə, Qarabağın səfalı guşələrindən Xəzər dənizinin sahillərinədək uzanan Azərbaycanın tayı-bərabəri olmayan təbiəti böyük Nizami Gəncəvi irsinin varislərinin misraları və sirli Muğam musiqisi ustadlarının ifasında canlanır.

Məhz Azərbaycanda 28 May 1918-ci ildə müsəlman dünyasında ilk parlamentli respublikanın əsası qoyulmuş və 1920-ci ildə bolşevik işğalı ilə devrilməsinə baxmayaraq, özünün qısa mövcudluğu dövründə bu Respublika öz vətəndaşlarını etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq, bərabər hüquqlar, eləcə də kişi və qadınları bərabər səsvermə hüququ ilə təmin etmişdir. 1991-ci ildə dövlətçiliyini bərpa etmiş Azərbaycan Respublikasının vətəndaşları xalqımızın mədəni və tarixi irsi, eləcə də müstəqillik əldə etdikdən bəri qazanılmış tərəqqi ilə qürur duyurlar.

Müstəqillikdən az sonra, uzaqgörənliyi ilə Azərbaycanda köklü dəyişikliklər yaratmış xalqımızın Ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan dünya ölkələri arasında öz layiqli yerini tutmuşdur. Bu gün Respublika Prezidenti İlham Əliyevin başçılığı ilə Azərbaycan sürətli inkişaf yolunu tutmuş, müxtəlif sahələrdə qabaqcıl mövqelərə inteqrasiya edən və irimiqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi edən bir ölkəyə çevrilmişdir.

“Azərbaycan Respublikası bütün Azərbaycan Respublikası vətəndaşlarının ümumi və bölünməz vətənidir” (Azərbaycan Respublikasının Konstitusiyası, maddə 5). Konstitusiyamızın 53-cü maddəsində bəyan edildiyi kimi, Azərbaycan Respublikası onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi müdafiəsinə təminat verir və onlara hamilik edir.

Dövlətimizin xaricdə rəsmi səlahiyyətli nümayəndəsi olaraq, diplomatik missiya və konsulluqlarımız ölkəmizi akkreditə olunduqları ölkələrdə təmsil etməklə bərabər, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan həmvətənlərimizin hüquq və mənafelərinin qorunması, onların maraqlarının həyata keçirilməsini təmin edirlər. 1993-cü ildən bəri Vaşinqtonda fəaliyyət göstərən Azərbaycanın ABŞ-dakı Səfirliyi və onun bütün əməkdaşları üzərilərinə düşən bu şərəfli missiyanı böyük diqqət və qayğı ilə yerinə yetirirlər.

Eyni zamanda Səfirliyimizin ABŞ-da uğurlu fəaliyyəti üçün sizin hər birinizin dəyərli dəstəyinə ehtiyacı vardır və bununla əlaqədar, sizləri davamlı olaraq Səfirliklə təmasda qalmağa və bunun üçün Səfirliyin internet və “Facebook” səhifələri, xüsusilə konsulluq guşəsi və məlumat bülletenlərini yaxından izləməyə dəvət edirəm.

Səfirliyimizin qapıları hər zaman sizin üzünüzə açıqdır!